BAKI, 13 avqust. TELEQRAF
Amerikanın "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisindəki bir neçə hərbçi intihara cəhd edib.
Teleqraf xəbər verir ki, bu barədə "Military Times" qəzeti məlumat yayıb.
Aviadaşıyan gəmidə xidmət edən hərbçilər səkkiz aydan çoxdur ki, evlərinə qayıda bilmirlər.
Qəzetin məlumatına görə, göyərtəsində 5000 dənizçi olan USS Abraham Linkoln noyabrın ikinci yarısında yerləşdirilməyə başlayıb. Onun missiyası ABŞ-nin Yaxın Şərqdəki hərbi əməliyyatlarını dəstəkləməkdir. Təyyarə gəmisinin missiyasının may ayında başa çatması gözlənilirdi, lakin dənizçilərin geri dönmə tarixi hələ müəyyən edilməyib.
Hərbi gəmidə xidmət edən dənizçilərin qohumlarının sözlərinə görə, bir neçə dənizçi xidmət zamanı dənizə tullanmağa cəhd edib. Dənizçilərin emosional qeyri-sabitliyi həddindən artıq iş yükü, yorğunluq və depressiya ilə əlaqələndirilir. ABŞ Hərbi Dəniz Qüvvələri bildirib ki, təyyarədaşıyan gəminin komandanlığı dənizçilərin psixoloji rifahını daim izləyir və müvafiq psixoloji və tibbi dəstək göstərməyə hazırdır. "Military Times" qəzetinin məlumatına görə, agentlik missiya zamanı intihara cəhd edən və ya qəsdən özünə zərər verən dənizçilərin dəqiq sayını açıqlamaqdan imtina edib.