BAKI, 13 avqust. TELEQRAF

ABŞ federal məhkəməsi Rusiya vətəndaşı Oleq Olşanski ilə bağlı cinayət işinə baxılmasını dekabr ayına təxirə salıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Sənədlərə əsasən, Olşanskinin müdafiə tərəfi işin mürəkkəbliyi, beynəlxalq xarakter daşıması və materialların böyük həcmdə olması səbəbindən məhkəmə prosesinin təxirə salınmasını istəyib.

Onunla eyni iş üzrə təqsirləndirilən Sergey İvin isə prosesin təxirə salınmasına etiraz edib. O, barəsindəki işin ayrıca icraata ayrılmasını və məhkəmənin mümkün qədər tez keçirilməsini tələb edib.

Məhkəmə Olşanskinin müdafiə tərəfinin vəsatətini təmin edərək status konfransını noyabrın 12-nə, məhkəmə prosesinin başlanmasını isə dekabrın 1-nə təyin edib. Bildirilib ki, İvinin işinin ayrıca icraata ayrılması barədə vəsatəti təmin olunarsa, onun məhkəmə tarixinə yenidən baxılacaq.

Olşanski və İvin 2025-ci ilin oktyabrında Vaşinqtonun tələbi ilə Bolqarıstanda saxlanılıb və daha sonra ABŞ-a ekstradisiya ediliblər.

Florida ştatının prokurorluğu Rusiya vətəndaşlarını adı açıqlanmayan ABŞ şirkəti ilə Vaşinqtonun sanksiya siyahısına daxil etdiyi Rusiya strukturları arasında əməliyyatlarda iştirak etməkdə ittiham edir.

İttiham tərəfinin versiyasına görə, Rusiya şirkətləri ABŞ şirkətinə ümumilikdə 350 milyon dollar dəyərində müxtəlif metal məhsulları satıblar.