BAKI, 13 avqust. TELEQRAF
Vaşinqton ABŞ-nin yaratdığı “Amerika Qalxanı” alyansına daxil olan ölkələrin hərbi potensialının artırılmasına dəstək verməyə hazırdır və müttəfiqlərindən müdafiə xərclərini artırmağı gözləyir.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Panamada “Amerika Qalxanı” alyansının fəaliyyətinə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
Heqset qeyd edib ki, NATO üzrə müttəfiqlər kollektiv müdafiə ilə bağlı öhdəliklərini əhəmiyyətli dərəcədə artırıblar və Vaşinqton narkokartellərlə mübarizə koalisiyasının üzvlərindən də eyni addımı gözləyir.
“ABŞ Müdafiə Nazirliyi hərbi imkanlarınızı artırmaq üçün sizə dəstək verməyə hazırdır. Lakin biz, əlbəttə, sizin də öz potensialınıza əhəmiyyətli vəsait yatıracağınızı gözləyirik”, - nazir deyib.
Pentaqon rəhbərinin sözlərinə görə, alyansa daxil olan ölkələr öz müdafiələrinə ciddi yanaşdıqları təqdirdə, ABŞ onların hərbi potensialının gücləndirilməsini və onlarla birgə əməliyyatlarda iştirakını prioritet hesab edəcək.
Heqset, həmçinin ABŞ administrasiyasının faktiki olaraq Monro doktrinasına qayıtmaq niyyətində olduğunu təsdiqləyib. O bildirib ki, Vaşinqton Qərb yarımkürəsini həm narkoterrorizm, həm də xarici qüvvələrdən qaynaqlanan təhlükələrdən qorumağa çalışacaq.
“Rəqiblərimizin öz qüvvələrini bizim yarımkürəmizdə yerləşdirməsinə və ya buradakı potensialımıza başqa formada təhdid yaratmasına imkan verməyəcəyik”, - Heqset vurğulayıb.
Qeyd edək ki, “Amerika Qalxanı” ABŞ və bir sıra Latın Amerikası ölkələrinin narkokartellərlə mübarizə və birgə hərbi əməliyyatların keçirilməsi məqsədilə yaratdığı alyansdır. Martın 7-də Mayamidə keçirilən sammitdə ABŞ Prezidenti Donald Tramp narkokartellərə qarşı beynəlxalq hərbi koalisiyanın yaradıldığını elan edib.