BAKI, 12 avqust. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya lideri Vladimir Putin Ukraynaya qarşı müharibəni özbaşına deyil, təzyiq altında bitirməyə məcbur olacaq.
Teleqraf xəbər verir ki, Ukrayna Gənclər Forumunda çıxış edən Zelenski qeyd edib ki, Ukrayna beynəlxalq tərəfdaşlarla birlikdə Rusiyaya təzyiqi artırmaq məqsədi daşıyan fəaliyyət planı hazırlayıb.
“Nə etməli olduğumuzu başa düşürük. Bu, ona (Putinə - red.) necə təzyiq göstərmək barədə tərəfdaşlarımızla birgə plandır”, - deyə Zelenski bildirib.
Onun fikrincə, cəbhə xəttindəki vəziyyət bu strategiyanın həyata keçirilməsində mühüm rol oynayır. Zelenski qeyd edib ki, Ukrayna müdafiə qüvvələri öz mövqelərini qorumalıdır, çünki bu, Kiyevə Moskva ilə daha güclü mövqedən danışıqlar aparmaq imkanı verir.
"Döyüş meydanındakı vəziyyət kifayət qədər güclü olmadıqda, dialoq Ukraynanın maraqlarına uyğun olmayan həddindən artıq kompromislərə çevrilir", - deyə prezident bildirib.
Zelenski Ukraynanın əsas strateji vəzifəsini Rusiya rəhbərliyinin planlarına qarşı çıxmaq adlandırıb: "Moskva səfərbərliyi artırmaq və orduya mümkün qədər çox insan cəlb etmək niyyətindədir. Biz müharibəni Rusiya ərazisinə qaytarmalıyıq. Bundan sonra Rusiya cəmiyyəti bu müharibənin nəticələrini öz dərisi ilə hiss edəcək və hakimiyyətə təzyiq göstərəcək”.
O həmçinin bildirib ki, Ukrayna ABŞ-yə əlavə addımlar üçün təkliflər təqdim edib: "Bu, Rusiyaya təzyiqi artırmalı və müharibənin sonunu yaxınlaşdırmalıdır".