BAKI, 13 avqust. TELEQRAF

ABŞ-nin Tennessi, Alabama və Oklahoma ştatlarında avqustun 13-də üç məhkum barəsində ölüm hökmünün icrası planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə ilkin mənbə olan “Associated Press” (AP) məlumat yayıb.

Agentliyin məlumatına görə, hökmlər icra olunarsa, bu, ABŞ-da təxminən son 16 ildə eyni gündə üç edamın həyata keçirildiyi ilk hal olacaq. Hər üç məhkumun ölümcül inyeksiya vasitəsilə edam edilməsi nəzərdə tutulur.

Tennessi ştatında 1985-ci ildə mehmanxana işçisini qətlə yetirməkdə təqsirli bilinən Entoni Darrell Haynsın ölüm hökmünün icrası planlaşdırılır.

Alabamada beş yaşlı qızı zorlayaraq öldürməkdə təqsirli bilinən Ceremi Uilyams, Oklahomada isə 2003-cü ildə sevgilisini öldürməkdə təqsirli bilinən Karlos Kuesta-Rodriges barəsində ölüm hökmünün icrası nəzərdə tutulub.

AP qeyd edir ki, eyni gündə üç edamın planlaşdırılması ABŞ-ın bəzi ştatlarında ölüm hökmlərinin icrasının artması fonunda baş verir.

2025-ci ildə ABŞ-da 47 nəfər barəsində ölüm hökmü icra olunub. Bu, 2009-cu ildən bəri ölkədə qeydə alınan ən yüksək göstərici olub.