BAKI, 13 avqust. TELEQRAF

ABŞ administrasiyası Vaşinqtonun yaratdığı “Amerika Qalxanı” alyansına daxil olan Latın Amerikası ölkələrini Roma Statutundan və Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmağa çağırıb.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Panamada çıxışı zamanı deyib.

Heqset alyans üzvlərini BCM-dən çıxmağa və məhkəmənin onların hökumətləri və milli məhkəmələrinin suverenliyinə müdaxilə cəhdlərini rədd etməyə çağırıb.

“Biz yalnız öz vətəndaşlarımız və konstitusiyalarımız qarşısında cavabdehik, seçilməmiş beynəlxalq bürokratlar qarşısında yox”, - ABŞ müdafiə naziri bildirib.

Heqsetin sözlərinə görə, alyansa daxil olan ölkələr öz suverenliklərini və təhlükəsizliklərinin təmin olunması üçün silahlı qüvvələrindən istifadə etmək hüquqlarını qoruyub saxlamalıdırlar.

O, həmçinin BCM-nin yurisdiksiyasının ABŞ və tərəfdaşlarının hərbçilərinə və hərbi əməliyyatlarına şamil edilməsinə yönəlmiş cəhdləri tənqid edib. Nazir Vaşinqton və müttəfiqlərinin əməliyyatlarının silahlı münaqişələr hüququna uyğun olduğunu iddia edib.

Qeyd edək ki, “Amerika Qalxanı” ABŞ və bir sıra Latın Amerikası ölkələrinin narkokartellərlə mübarizə və birgə hərbi əməliyyatlar məqsədilə yaratdığı alyansdır.

ABŞ administrasiyası bundan əvvəl də Beynəlxalq Cinayət Məhkəməsinə qarşı bir neçə dəfə sanksiyalar tətbiq edib. Prezident Donald Tramp 2025-ci il fevralın 6-da məhkəmənin bəzi vəzifəli şəxslərinə qarşı maliyyə və viza məhdudiyyətlərinin tətbiqini nəzərdə tutan fərman imzalayıb.