BAKI, 13 avqust. TELEQRAF

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) İsrailin Prezident Donald Trampa qarşı İrandan qaynaqlandığı bildirilən sui-qəsd təhlükəsi ilə bağlı təqdim etdiyi kəşfiyyat məlumatlarına şübhə ilə yanaşıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” ABŞ xüsusi xidmət orqanlarının hazırkı və keçmiş əməkdaşlarına istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, CIA analitikləri İsrail tərəfindən təqdim edilən kəşfiyyat məlumatlarını kifayət qədər inandırıcı hesab etməyiblər və bu barədə Vaşinqton administrasiyasının rəsmilərini məlumatlandırıblar.

Buna baxmayaraq, Ağ Ev və ABŞ Məxfi Xidməti risk etməmək qərarına gələrək Prezidentin təhlükəsizliyinin təmin olunması üçün əlavə tədbirlər görüblər.

“The Washington Post” daha əvvəl yazmışdı ki, Tramp iyulun 7-8-də Ankarada keçirilən NATO sammitindən sonra əvvəlcə prezident təyyarəsinə minib. Lakin bir neçə dəqiqə sonra o, məxfi şəkildə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “C-32A” təyyarəsinə keçirilib və Türkiyəni həmin təyyarə ilə tərk edib.

Nəşrin məlumatına görə, potensial hücum təşkilatçılarını çaşdırmaq məqsədilə həyata keçirilən əməliyyata Trampa qarşı İranla əlaqəli olduğu bildirilən real təhlükə səbəb olub.

Donald Tramp avqustun 11-də Məxfi Xidmətin və hərbçilərin tövsiyəsi əsasında Türkiyəni prezident təyyarəsi ilə deyil, başqa təyyarə ilə tərk etdiyini təsdiqləyib.

ABŞ Senatındakı bir neçə demokrat isə administrasiyadan əməliyyatın təfərrüatlarını və belə bir qərarın verilməsinin səbəblərini açıqlamağı tələb edib.