BAKI, 12 avqust. TELEQRAF
ABŞ-nin “Qızıl günbəz” (“Golden Dome”) raketdən müdafiə sisteminin hazırlanmasında iştirak edən bir neçə şirkət layihə çərçivəsində ilk mühüm sınaqları uğurla başa çatdırıb.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” ABŞ Kosmik Qüvvələrinin generalı Maykl Getleynə istinadən məlumat yayıb.
Bildirilib ki, sınaqları həyata keçirən şirkətlər arasında “SpaceX” və “Northrop Grumman” da var.
Agentliyin məlumatına görə, sınaqlar çərçivəsində sensorlardan raket əleyhinə vasitəyə məlumatların ötürülməsi yoxlanılıb, həmçinin güc qurğularının imkanları nümayiş etdirilib.
İlk sınaq mərhələsinin başa çatmasından sonra şirkətlər proqramın növbəti fazasına keçəcəklər. Bu mərhələdə hazırlanmış texnologiyaların kosmos şəraitində işləmək imkanlarının nümayiş etdirilməsi nəzərdə tutulur.
Rusiya tərəfi daha əvvəl “Qızıl günbəz” layihəsinin strateji sabitliyə mənfi təsir göstərə biləcəyini bildirib. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev layihəni “son dərəcə təxribatçı” adlandırıb.
Rusiyanın müdafiə naziri Andrey Belousov isə ABŞ proqramının raketlərin havada vurulması ilə yanaşı, Rusiya və Çinin raketlərinin buraxılışdan əvvəl məhv edilməsi imkanlarını da nəzərdə tutduğunu iddia edib.