BAKI, 13 avqust. TELEQRAF

ABŞ-nin Nyu-York şəhərində may ayının əvvəlindən indiyədək 600-ə yaxın siklosporoz xəstəliyinə yoluxma halı qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Nyu-York Şəhər Səhiyyə Departamenti məlumat yayıb.

Bildirilib ki, avqustun 10-na olan məlumata əsasən, diaqnoz tarixləri mayın 1-dən başlayan ümumilikdə 594 siklosporoz halı qeydə alınıb.

Səhiyyə qurumu Nyu-Yorkda yoluxma hallarının “Taco Bell” fastfud restoranları şəbəkəsində satılan salatlarla əlaqəli olduğuna dair fakt aşkarlanmadığını bildirib.

Siklosporoz "Cyclospora cayetanensis" parazitinin törətdiyi bağırsaq infeksiyasıdır. Xəstəliyin əsas əlamətlərindən biri kəskin və uzunmüddətli ishaldır.

Daha əvvəl ABŞ-nin Miçiqan ştatında da siklosporoz infeksiyasına kütləvi yoluxma hallarının qeydə alındığı bildirilmişdi.