BAKI, 12 avqust. TELEQRAF

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Ukraynadan Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) infrastrukturuna zərbələri dayandırmasını xahiş edib.

Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Vens bunu iyulun 31-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı istəyib. Nəşr qeyd edib ki, həmin vaxtdan etibarən belə hücumlar həyata keçirilməyib.

Ukrayna rəsmisi FT-yə bildirib: “Amerikalı tərəfdaşlarımızın dediklərini diqqətlə nəzərə alırıq”.

Digər mənbənin sözlərinə görə, Kiyev Vaşinqtonun bu xahişi ilə ABŞ-dən “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket-interseptorların istehsalına lisenziya almaq məqsədilə razılaşıb.

Vens və Zelenskinin ofisləri FT-nin sorğusunu cavablandırmayıb. XBKK-da pay sahibi olan ABŞ şirkətləri “Chevron” və “ExxonMobil” də nəşrin məlumatını şərh etməyiblər.

“Bloomberg” də avqustun 8-də mənbələrə istinadla xəbər verib ki, Ukrayna ABŞ-nin xahişi ilə Qara dənizdə Rusiya ilə əlaqəsi olmayan və Qazaxıstandan neft ixracı həyata keçirən tankerlərə zərbələr endirməməyi öhdəsinə götürüb.