BAKI, 12 avqust. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio Prezident Donald Trampın səlahiyyət müddəti başa çatanadək Kubanın köklü dəyişikliklər yoluna qədəm qoyacağına əmin olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Rubio bu fikirləri avqustun 11-də yayımlanan Keti Millerin podkastında səsləndirib.

“Əminəm ki, bu administrasiyanın səlahiyyət müddəti başa çatanadək Kuba tamamilə fərqli gələcəyə aparan yola qədəm qoyacaq”, - ABŞ dövlət katibi deyib.

Rubio gözlədiyi dəyişikliklərin konkret nədən ibarət olacağını açıqlamayıb. O, siyasi transformasiyaya nümunə kimi Şərqi Avropa ölkələrini, xüsusilə Polşanı göstərib.

Dövlət katibinin sözlərinə görə, Şərqi Avropa ölkələrinin bugünkü vəziyyətə gəlməsi üç-beş il çəkib və Polşa bunun ən yaxşı nümunələrindən biridir.

Rubio vurğulayıb ki, Vaşinqton Kubanın “təhlükəsiz, sabit və ABŞ ilə harmoniyada” olmasını istəyir və bunun Amerikanın milli maraqlarına uyğun olduğunu hesab edir.

Qeyd edək ki, Donald Tramp fevralın 27-də ABŞ-nin Kuba üzərində nəzarət qura biləcəyi barədə xəbərdarlıq etmişdi. O, martın 5-də İrana qarşı əməliyyat başa çatdıqdan sonra Vaşinqtonun Havana ilə bağlı gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirəcəyini bildirmişdi.

“Politico” mayda ABŞ administrasiyasının Kubaya qarşı hərbi gücdən istifadə variantına getdikcə daha çox meyil göstərdiyini yazmışdı. Tramp isə iyunda “Axios”a müsahibəsində adada hakimiyyət dəyişikliyinə yönəlmiş əməliyyat ehtimalını istisna etməmişdi.