BAKI, 12 avqust. TELEQRAF

Rusiya aviaşirkətlərinin İrana uçuşlarının bərpası Yaxın Şərqdə vəziyyətin sabitləşməsindən asılı olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi TASS-a məlumat verib.

“Rusiya aviaşirkətlərinin İrana uçuşlarının bərpası məsələsinə regionda vəziyyət sabitləşdikdən sonra baxıla bilər”, – nazirlikdən bildirilib.

İyunun əvvəlində “Aeroflot”un rəhbəri Sergey Aleksandrovski Əbu-Dabiyə və İrana uçuşların payıza yaxın bərpa oluna biləcəyini açıqlamışdı. Daha sonra Moskva-Əbu-Dabi istiqamətində müntəzəm reyslərin oktyabrın 1-dən başlayacağı məlum olub.

Xatırladaq ki, martda Yaxın Şərqdə gərginliyin artması fonunda Rusiya aviaşirkətləri region ölkələrinə uçuşları dayandırmışdı.

“Rosaviasiya” aprelin 20-də İranın hava məkanından istifadəyə tətbiq olunan məhdudiyyətləri aradan qaldırmışdı. Sonradan ölkəyə gecə və səhər saatlarında uçuşlar yenidən məhdudlaşdırılmış, bu qadağa isə iyunun 25-də ləğv edilmişdi.