BAKI, 11 avqust. TELEQRAF
Avqustun 10-da Moskvada silahlara nəzarət, tərksilah və yayılmama üzrə Rusiya-İran idarələrarası məsləhətləşmələri keçirilib .
Teleqraf xəbər verir ki, Rusiya nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Nüvə Silahlarının Yayılmaması və Silahlara Nəzarət Məsələləri Departamentinin direktoru Oleq Postnikov, İran nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin Beynəlxalq Sülh və Təhlükəsizlik Departamentinin baş direktoru Məhəmməd Həsəninejad Pirkuhi rəhbərlik edib.
Tərəflər silahlara nəzarət sahəsində mövcud məsələləri və beynəlxalq platformalarda fəaliyyətlərin daha da əlaqələndirilməsi yollarını müzakirə etdilər. BMT Baş Assambleyasının 81-ci sessiyasının Birinci Komitəsinin qarşıdakı işinə, eləcə də Beynəlxalq Atom Enerjisi Agentliyi, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı, Bioloji və Toksin Silahları Konvensiyası və digər ixtisaslaşmış beynəlxalq platformalar çərçivəsində əməkdaşlığa xüsusi diqqət yetirildi.
Rusiya Xarici İşlər Nazirliyi Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin həyata keçirilməsinin vacib hissəsi olaraq, yayılmama və silahlara nəzarət məsələləri üzrə müntəzəm məsləhətləşmələrin aparılmasının vacibliyini vurğulayıb.
Tərəflər silahlara nəzarət, tərksilah və yayılmama məsələləri üzrə aktiv ikitərəfli əlaqələrin davam etdirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.