BAKI, 12 avqust. TELEQRAF

ABŞ hökumətinin dövlət borcuna xidmət üzrə faiz ödənişləri cari maliyyə ilinin ilk 10 ayında 1 trilyon dollara yaxınlaşıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Konqresinin Büdcə İdarəsinin sənədlərində bildirilib.

Məlumata görə, ötən ilin oktyabrından iyulun sonunadək ABŞ Xəzinədarlığı dövlət borcunun faiz ödənişlərinə 963 milyard dollar yönəldib.

Ötən ilin müvafiq dövründə bu göstərici 846 milyard dollar təşkil edib. Beləliklə, dövlət borcuna xidmət xərcləri bir il ərzində 117 milyard dollar və ya 14 faiz artıb.

Sənədlərdə faiz xərclərinin yüksəlməsi ABŞ-nin ümumi dövlət borcunun artması, eləcə də uzunmüddətli qiymətli kağızlar üzrə faiz dərəcələrinin yüksəlməsi ilə əlaqələndirilir.

Dövlət borcu üzrə faiz ödənişləri artıq ABŞ federal hökumətinin ikinci ən böyük xərc maddəsinə çevrilib. Birinci yerdə 1,373 trilyon dollarla sosial təminat ödənişləri qərarlaşıb.

Müqayisə üçün, eyni dövrdə ABŞ Təhsil Nazirliyinə çəkilən xərclər 52 milyard dollar təşkil edib.