BAKI, 12 avqust. TELEQRAF
ABŞ və daha 40-dan çox ölkə ballistik raketlərə malik bütün dövlətləri raket buraxılışları barədə əvvəlcədən məlumat verməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəliyi məlumat yayıb.
Birgə bəyanatda bildirilir ki, planlaşdırılan ballistik raket buraxılışları barədə bildiriş ən azı 24 saat əvvəl təqdim edilməlidir.
Təşəbbüs müəlliflərinin fikrincə, məlumatda raketin sinfi, ehtimal olunan buraxılış vaxtı, start bölgəsi və planlaşdırılan uçuş istiqaməti göstərilməlidir.
Bundan əlavə, raket pillələrinin düşə biləcəyi ərazilərdə risklərin azaldılması məqsədilə aviasiya və dəniz nəqliyyatı üçün beynəlxalq standartlara uyğun xəbərdarlıqların yayılması təklif olunur.
Bəyanatda xüsusilə nüvə silahına malik dövlətlərə müraciət edilərək, bu cür raket buraxılışları barədə ən azı bir sutka əvvəl məlumat verilməsi istənilib.
Qeyd edək ki, ABŞ daha əvvəl Çini qitələrarası ballistik raketlərin bütün buraxılışları barədə müntəzəm məlumatlandırma mexanizmi yaratmağa çağırmışdı.