BAKI, 12 avqust. TELEQRAF
Rumıniya Xarici İşlər Nazirliyi ölkənin hava məkanında qeydə alınan pilotsuz uçuş aparatları ilə bağlı insidentlərin Rusiya ilə əlaqəsini sübut edən faktlar təqdim etməyib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Rumıniyadakı səfirliyi “İzvestiya”ya açıqlamasında bildirib.
Səfirliyin məlumatına görə, Rumıniya XİN-də keçirilən görüş zamanı Rusiya səfirinə “köpük parçaları” göstərilib və bunların vurulan pilotsuz uçuş aparatlarının Rusiya mənşəli olduğuna dəlil kimi təqdim edilməsi təklif olunub.
Rusiya diplomatik nümayəndəliyi isə həmin PUA-ların Rusiya ilə bağlılığını təsdiqləyən hər hansı faktın təqdim edilmədiyini bildirib.
Səfirlik baş verənləri əvvəlcədən hazırlanmış ssenari kimi qiymətləndirərək, bunun Rumıniyada hərbi xərclərin artırılması və militarizasiya siyasətinin əsaslandırılmasına xidmət etdiyini iddia edib.
Bundan əvvəl Rumıniya Xarici İşlər Nazirliyi Rusiya səfirini 2026-cı il iyulun 24-dən 26-dək ölkənin hava məkanının təkrar pozulması ilə əlaqədar nazirliyə çağırmışdı.
Buxarestin açıqlamasına görə, həmin dövrdə Rumıniya ordusu ölkə ərazisinə icazəsiz daxil olan üç pilotsuz uçuş aparatını vurub.
Rusiya səfirinə təqdim edilən verbal notaya əsasən, rusiyalı diplomatlarından birinin beş gün ərzində Rumıniyanı tərk etməsi tələb olunub. Rumıniyanın Moskvadakı səfiri isə məsləhətləşmələr üçün Buxarestə geri çağırılıb.