BAKI, 12 avqust. TELEQRAF

ABŞ Müdafiə Nazirliyinin apardığı daxili araşdırma zamanı 2025-ci ildə Amerika qüvvələrinin Yəmənə endirdiyi hava zərbələri nəticəsində 153 dinc sakinin öldüyü müəyyən edilib.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti Pentaqonun araşdırmasının nəticələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Yəməndəki silahlı birləşmələrə qarşı əməliyyatlar zamanı ABŞ-nin hava zərbələri nəticəsində 153 mülki şəxs həlak olub, 250-yə yaxın insan isə yaralanıb.

“The Washington Post” qeyd edir ki, bu, ABŞ Müdafiə Nazirliyinin sözügedən münaqişədə döyüşlərdə iştirak etməyən şəxslərə ciddi zərər vurulmasına görə məsuliyyətini ilk dəfə etiraf etməsi deməkdir.

Məlumata əsasən, Pentaqon daxili araşdırmanın nəticələrini yaxın aylarda ictimaiyyətə açıqlamağı planlaşdırır. Araşdırma yalnız ABŞ-nin Yəmənə endirdiyi zərbələri əhatə edir və İrana qarşı əməliyyatlara şamil olunmur.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin martında Amerika ordusuna Yəmənin “Ənsar Allah” hərəkatının husilərinə qarşı hərbi əməliyyatlara başlamaq göstərişi vermişdi.

2025-ci ilin mayında isə Tramp husilərin Qırmızı dənizdə gəmilərə hücumları dayandırmağa razılaşdıqlarını bildirərək Yəmənə zərbələrin dayandırıldığını elan etmişdi.