BAKI, 12 avqust. TELEQRAF

Böyük Britaniyanın yüksək hərbi rəhbərliyi Rusiya ilə birbaşa əlaqə kanallarını bərpa etməyə çağırılır.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti yazıb.

Nəşrin məlumatına görə, çağırışın əsas səbəbi tərəflər arasında birbaşa dialoqun olmaması fonunda qəsdən olmayan eskalasiya riskinin artması ilə bağlı narahatlıqdır.

Qeyd olunur ki, Britaniya və Rusiya hərbi rəhbərliyi təxminən dörd ildir birbaşa təmasda olmayıb. Diplomatlar xüsusilə açıq dənizdə yarana biləcək anlaşılmazlığın daha genişmiqyaslı qarşıdurmaya səbəb ola biləcəyindən ehtiyat edirlər.

Britaniyanın Moskva və Kiyevdəki keçmiş hərbi attaşesi Con Forman “The Times”a açıqlamasında yüksək səviyyəli təmasların bərpasına çağırıb.

Onun sözlərinə görə, birbaşa rabitə kanalının olmaması qəsdən olmayan eskalasiya riskini artırır və ciddi anlaşılmazlıq son nəticədə insan tələfatına gətirib çıxara bilər.

Məsələ iyunda La-Manş boğazında baş vermiş insidentdən sonra daha da aktuallaşıb. Rusiyanın “Admiral Qriqoroviç” freqatının heyəti Britaniya bayrağı altında üzən “Bright Future” yaxtasının gəmiyə təxminən 150 metrədək yaxınlaşmasından sonra qabaqlayıcı atəş açıb.

Rusiya Müdafiə Nazirliyi freqat heyətinin həmin insident zamanı beynəlxalq hüququ pozmadığını bildirib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da “Admiral Qriqoroviç”in La-Manşdakı vəziyyətdə düzgün hərəkət etdiyini deyib.