BAKI, 24 iyul. TELEQRAF

ABŞ Konqresinin Senatı Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatları dayandırmasını tələb edən qətnamənin qəbulunu prosedur səsverməsində bloklayıb.

Teleqraf xəbər verir ki, qətnamənin əleyhinə 49, lehinə isə 47 senator səs verib. Səsvermə zamanı senatorların əksəriyyəti partiya mənsubiyyətinə uyğun mövqe sərgiləyib. Hakim Respublikaçılar Partiyasından yalnız bir senator sənədi dəstəkləyib, Demokratlar Partiyasından isə bir senator qətnamənin əleyhinə səs verib.

Merilend ştatını təmsil edən demokrat senator Kris Van Hollen tərəfindən təqdim olunan sənəd prezidentdən ABŞ Silahlı Qüvvələrinin İranda və ya İrana qarşı hərbi əməliyyatlarda iştirakını dayandırmağı tələb edirdi. Qətnamə Senat və Nümayəndələr Palatasının birgə qərarı kimi qəbul ediləcəyi təqdirdə icra hakimiyyəti üçün hüquqi qüvvəyə malik olacaqdı.

Bundan bir neçə saat əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası oxşar məzmunlu qətnaməni 214 səs lehinə, 208 səs əleyhinə olmaqla qəbul etmişdi. Sənədi dörd respublikaçı konqresmen də dəstəkləyib. Lakin Senatda analoji təşəbbüs kifayət qədər səs toplamadığından qəbul edilməyib.

ABŞ Konstitusiyasına əsasən müharibə elan etmək səlahiyyəti Konqresə məxsusdur. Bununla belə, son onilliklərdə ABŞ prezidentləri xaricdə hərbi gücdən istifadə səlahiyyətlərini geniş şəkildə şərh edərək müxtəlif əməliyyatlara başlayıblar.