BAKI, 3 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp sərvətinin son illərdə artmasının prezident vəzifəsində olması ilə bağlı olduğu iddialarını rədd edib.
Teleqraf xəbər verir ki, Donald Tramp bu barədə CNBC telekanalına müsahibəsində danışıb.
ABŞ lideri bildirib ki, hazırda onun biznes fəaliyyətini övladları idarə edir və özü şirkətlərin gündəlik fəaliyyətində iştirak etmir.
“Mən biznesimlə məşğul olmuram, onu övladlarım idarə edir. Mən çox pul yatırmışam, çox pulum olub və indi də çox pulum var. Həmişə pul qazanmışam. Mən yaxşı biznesmenəm”, - deyə Tramp vurğulayıb.
Prezident bu fikirləri Konqresə keçiriləcək aralıq seçkilərdən sonra demokratların Nümayəndələr Palatasında çoxluq əldə edəcəyi təqdirdə onun sərvətinin rekord səviyyədə artması ilə bağlı araşdırma başlada biləcəkləri barədə suala cavab olaraq səsləndirib.
Bundan əvvəl “The Washington Post” qəzeti Trampın sərvətinin 2025-ci ildə ABŞ prezidentləri arasında görünməmiş sürətlə artdığını yazmışdı.
Nəşrin məlumatına görə, prezidentin son maliyyə bəyannaməsində illik gəlirlərinin 2,2 milyard dolları keçdiyi göstərilib. Bildirilir ki, bu artımda kriptovalyuta investisiyaları və əlaqəli layihələr mühüm rol oynayıb.
Maliyyə sənədlərinə əsasən, Tramp 2019-cu ildə ən azı 440 milyon dollar, prezidentliyinin ikinci müddətinə başlamazdan əvvəl - 2024-cü ildə isə təxminən 600 milyon dollar gəlir əldə edib.