BAKI, 3 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp 2025-ci ildə tarif siyasətinin yaratdığı bazar enişi zamanı iri texnologiya şirkətlərinin səhmlərini alıb.
Teleqraf xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.
Məlumata görə, Donald Tramp adətən gündə orta hesabla 62 səhm alqı-satqısı əməliyyatı həyata keçirsə də, 2025-ci il aprelin 8-də bu göstərici 327-yə yüksəlib.
Telekanalın qeyd etdiyi kimi, kütləvi alışlar ABŞ administrasiyasının yüksək idxal rüsumlarının tətbiqi planını açıqlamasından sonra bazarda yaşanan dörd günlük enişin son gününə təsadüf edib.
Həmin gün Trampın səhmlərini aldığı şirkətlər arasında Apple, Alphabet, Amazon, Microsoft və Nvidia yer alıb.
Xatırladaq ki, Tramp 2025-ci ilin aprelində 185 ölkə və ərazidən idxal olunan məhsullara gömrük rüsumları tətbiq olunduğunu elan etmişdi. Sonradan bəzi ölkələr üçün tarif dərəcələrində dəyişikliklər edilib.
ABŞ Ali Məhkəməsi isə 2026-cı il fevralın 20-də Trampın beynəlxalq fövqəladə iqtisadi səlahiyyətlər haqqında qanuna istinad edərək tətbiq etdiyi idxal rüsumlarını səlahiyyət həddinin aşılması kimi qiymətləndirib.
Bundan əvvəl “The Washington Post” qəzeti Trampın sərvətinin 2025-ci ildə ABŞ prezidentləri arasında görünməmiş sürətlə artdığını yazmışdı. Nəşrin məlumatına görə, prezidentin illik gəliri 2,2 milyard dollardan çox olub və bunda kriptovalyuta investisiyaları mühüm rol oynayıb.