BAKI, 2 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın 2025-ci ildə əldə etdiyi gəlir ölkə liderləri arasında misli görünməmiş səviyyəyə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ tarixində heç bir prezident vəzifədə olduğu müddətdə Trampın açıqladığı gəlir göstəricilərinə bərabər nəticə əldə etməyib.
Məlumata əsasən, Trampın son maliyyə bəyannamələrinə görə, onun ötən ilki gəliri kriptovalyuta aktivləri və bu sahə ilə bağlı layihələr hesabına 2,2 milyard dolları ötüb.
Qəzet qeyd edir ki, bu göstərici Trampın ilk prezidentlik dövrü ilə müqayisədə xeyli yüksəkdir. Həmin dövrdə də o, əhəmiyyətli gəlir əldə etsə də, həcmi hazırkı rəqəmlərdən aşağı olub.
Bundan əvvəl CNBC telekanalı Trampın 2025-ci ildə kriptovalyutadan əldə etdiyi gəlirin 500 milyon dolları keçdiyini bildirmişdi.
Ötən ilin oktyabrında isə "Forbes" jurnalı ABŞ liderinin təxminən 870 milyon dollar dəyərində bitkoin portfelinə sahib olduğunu yazmışdı. Nəşrin məlumatına görə, bu göstərici onu dünyanın ən iri bitkoin sahiblərindən birinə çevirir.