BAKI, 28 avqust. TELEQRAF

İslandiyanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqların bərpası üçün işçi qrupların formalaşdırılmasına hazırlıq avqustun 29-da keçirilməsi planlaşdırılan referendumdan əvvəl başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

İslandiyalılar referendumda danışıqların bərpasına səs versələr, Aİ ilə müzakirələr bir neçə həftə və ya iki ay ərzində başlaya bilər.

İslandiya Aİ-yə üzvlük üçün müraciəti hələ 2009-cu ildə, maliyyə böhranı zamanı edib. 2013-cü ildə ölkə iqtisadiyyatının sabitləşməsi fonunda İslandiya hökuməti üzvlük danışıqlarını dayandırıb. Həmin vaxt inteqrasiya prosesinin 33 mərhələsindən 11-i tamamlanmışdı. 2015-ci ildə isə Reykyavik Brüsseldən İslandiyanın Aİ-yə üzvlüyə namizəd ölkə hesab edilməməsini istəyib.

Son sorğuya əsasən, danışıqların bərpasını 51,3 faiz, buna qarşı çıxanları isə 48,7 faiz respondent dəstəkləyir.

Qeyd edək ki, avqustun 29-da referendumunda İslandiyanın Aİ-yə üzv olub-olmaması deyil, üzvlük danışıqlarının bərpa edilib-edilməməsi müəyyənləşdiriləcək. Əgər danışıqlar bərpa olunsa və sonradan razılaşma əldə edilsə, Aİ-yə faktiki üzvlüklə bağlı ayrıca referendum keçirilməlidir.