BAKI, 29 aprel. TELEQRAF
ABŞ-də Federal Təhqiqat Bürosunun (FTB) sabiq direktoru Ceyms Komi prezident Donald Trampa qarşı təhdid ittihamı ilə 10 ilədək azadlıqdan məhrum edilə bilər.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin ədliyyə naziri vəzifəsini icra edən baş prokuror Todd Blanş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Komiyə ümumilikdə iki ittiham irəli sürülüb. Bunlardan biri dövlət başçısına qarşı təhdid, digəri isə bu təhdidin internet üzərindən yayılması ilə bağlıdır. ABŞ qanunvericiliyinə əsasən, ştatlararası səviyyədə həyat və sağlamlığa təhdid məzmunlu məlumatların ötürülməsi ayrıca cinayət hesab olunur.
Blanş qeyd edib ki, hər iki ittiham üzrə 10 ilədək həbs cəzası nəzərdə tutulur: “Hər hansı şəxsə qarşı ölüm təhdidi təhlükəli hərəkət və potensial cinayətdir. Ədliyyə Nazirliyi ABŞ prezidentinə qarşı təhdidlərə heç vaxt dözümlü yanaşmayacaq”.
Məlumata görə, Komi 2025-ci ilin mayında sosial şəbəkədə 86 və 47 rəqəmləri formasında düzülmüş dəniz qabıqlarının fotosunu paylaşmaqla Trampa qarşı təhdid yaratmaqda ittiham olunur. İngiliscədə “to 86” ifadəsi kiməsə zərər yetirmək və ya öldürmək çağırışı kimi yozula bilər, 47 rəqəminin isə ABŞ-ın 47-ci prezidenti olan Donald Trampa işarə etdiyi bildirilir.
Qeyd edək ki, Komi ittihamlar fonunda paylaşımını silib və üzr istəyib. Daha əvvəl isə o, Konqresə yalan məlumat vermək ittihamı ilə üzləşsə də, həmin iş məhkəmə tərəfindən bağlanıb.