BAKI, 29 aprel. TELEQRAF

ABŞ Ədliyyə Nazirliyi Federal Təhqiqat Bürosunun (FTB) sabiq direktoru Ceyms Kominin həbsi üçün order alsa da, onun saxlanılıb-saxlanılmadığı barədə məlumat yoxdur.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin ədliyyə naziri vəzifəsini icra edən baş prokuror Todd Blanş mətbuat konfransında bildirib.

“Onun hazırda saxlanılıb-saxlanılmadığını bilmirəm. Mən indi buradayam və sizinlə danışıram. Böyük andlılar heyəti onun həbsi üçün order verib”, - deyə o qeyd edib.

Məlumata görə, Komi ABŞ prezidenti Donald Trampa qarşı təhdid xarakterli paylaşım etməkdə ittiham olunur. O, ötən ilin mayında “Instagram” sosial şəbəkəsində 86 və 47 rəqəmləri formasında düzülmüş dəniz qabıqlarının fotosunu paylaşıb.

Bildirilir ki, ingiliscədə “to 86” ifadəsi kiməsə zərər yetirmək və ya öldürmək çağırışı kimi yozula bilər. 47 rəqəminin isə ABŞ-ın 47-ci prezidenti olan Donald Trampa işarə etdiyi qeyd olunur.

Tənqidlərdən sonra Komi paylaşımını silib və üzr istəyib.

Qeyd edək ki, Donald Tramp daha əvvəl də Komini tənqid edib və onu özünə qarşı siyasi motivli araşdırmaların əsas fiqurlarından biri adlandırıb. 2025-ci ilin sentyabrında Ədliyyə Nazirliyi Komini Konqresə yalan məlumat verməkdə ittiham etsə də, iş federal hakim tərəfindən bağlanıb.