BAKI, 26 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının ziyafəti zamanı baş verən atışma ilə bağlı yeni detallar məlum olub. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi və hücumu hansı məqsədlə planlaşdırdığı müəyyənləşib.

Teleqraf xəbər verir ki, ABŞ-nin hüquq-mühafizə orqanları şübhəlinin Kaliforniyanın Torrans şəhərindən olan 31 yaşlı Koul Tomas Allen (Cole Tomas Allen) olduğunu açıqlayıb.

İstintaqa yaxın mənbələrin verdiyi məlumata görə, Koul Allen saxlanıldıqdan sonra törətdiyi əməli etiraf edib. O, ilkin ifadəsində məhz Donald Tramp administrasiyasının rəsmilərinə atəş açmağı planlaşdırdığını bildirib.

Vaşinqton polis rəisinin müvəqqəti icraçısı Ceffri Kerroll qeyd edib ki, şübhəli şəxs tədbirin keçirildiyi otelin qonağı olub. O, ərazidəki mühafizə əməkdaşları ilə atışmaya girib. Allenin üzərindən bir ədəd tüfəng, tapança və bir neçə bıçaq aşkar edilərək götürülüb.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Federal Təhqiqat Bürosu (FTB) və Məxfi Xidmət hazırda şübhəlinin Kaliforniyadakı ünvanında axtarışlar aparır.

ABŞ-nin Vaşinqton üzrə prokuroru Janin Pirro şübhəlinin iki əsas maddə üzrə – zorakı cinayət zamanı odlu silahdan istifadə və təhlükəli silahla federal zabitlərə hücum etməkdə ittiham olunduğunu bildirib. Koul Allenə qarşı rəsmi ittihamların bazar ertəsi irəli sürüləcəyi gözlənilir.