BAKI, 22 aprel. TELEQRAF
Federal Ehtiyat Sistemi rəhbərliyinə namizəd olan Uorş Senatın bank komitəsində keçirilən dinləmələrdə çıxış edərək qeyd edib ki, mövcud ödəniş infrastrukturu qlobal maliyyə sistemində rəqabət qabiliyyətini qorumaq üçün kifayət deyil.
Teleqraf xəbər verir ki, Kevin Uorş ABŞ-nin ödəniş sistemlərinin ciddi islahatlara ehtiyac duyduğunu bildirib.
Onun sözlərinə görə, ABŞ dollarının mövqeyini gücləndirmək üçün daha dayanıqlı və müasir ödəniş sistemi yaradılmalıdır. Uorş vurğulayıb ki, bu istiqamətdə yeni texnologiyalardan daha aktiv istifadə vacibdir.
“Əks halda, biz qlobal iqtisadiyyatda əsas rolumuzu itirə bilərik”, - deyə o bildirib.
Namizəd əlavə edib ki, ABŞ-nin dünyadakı mövqeyi ilə bağlı, o cümlədən iqtisadi sahədə müəyyən risklər mövcuddur.
Uorş həmçinin bildirib ki, Senat tərəfindən təsdiqlənəcəyi təqdirdə, Federal Ehtiyat Sisteminin müstəqilliyini qətiyyətlə qoruyacaq.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp hazırkı FED rəhbəri Cerom Pauelli dəfələrlə tənqid edib və onun vəzifədən uzaqlaşdırılmasına çalışa biləcəyini bildirib.