BAKI, 21 aprel. TELEQRAF
ABŞ-nin Luiziana ştatında 8 uşağın ölümü ilə nəticələnən silahlı insidentin ailədaxili münaqişə zəminində baş verdiyi ehtimal olunur.
Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, Şrivport polisinin rəisi Ueyn Smit bildirib ki, hadisə böyük ehtimalla uzun müddətdir davam edən məişət mübahisəsinin nəticəsi olub. Onun sözlərinə görə, silahlı şəxs Şamar Elkins özünün yeddi övladını və daha bir uşağı güllələyib.
Bildirilir ki, Elkins eyni zamanda həyat yoldaşını və özünü sevgilisi kimi təqdim edən digər qadını da yaralayıb. Hər iki yaralı hazırda xəstəxanadadır.
Polisin məlumatına görə, hadisə bazar günü səhər saatlarında başlayıb. Şübhəli əvvəlcə bir evdə atəş açıb, daha sonra avtomobil qaçıraraq ərazidən uzaqlaşıb. Qısa müddət sonra polis tərəfindən təqib edilən Elkinslə atışma baş verib.
Məlumatda qeyd olunur ki, onun əvvəllər də silahla bağlı cinayətə görə məhkumluğu olub və qanunvericiliyə görə silah saxlamaq hüququ yox idi. Hazırda istifadə etdiyi silahı necə əldə etdiyi araşdırılır.
Hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində istintaq davam edir.