BAKI, 21 aprel. TELEQRAF
ABŞ Federal Təhqiqat Bürosunun (FBI) direktoru Keş Patel The Atlantic jurnalını və jurnalist Sara FitsPatriki nüfuzuna xələl gətirən məqaləyə görə məhkəməyə verib.
Teleqraf xəbər verir ki, iddia Vaşinqtonda qaldırılıb və Patel cavabdehlərdən ən azı 250 milyon dollar məbləğində mənəvi və reputasiya zərərinin ödənilməsini tələb edir.
Bildirilib ki, FBI rəhbəri jurnalın dərc etdiyi materialı diffamasiya kimi qiymətləndirir. İddiada qeyd olunur ki, məqalədə onun işə qeyri-müntəzəm gəlməsi və spirtli içkilərdən həddindən artıq istifadə etməsi ilə bağlı irəli sürülən iddialar yalan və uydurma xarakter daşıyır.
Eyni zamanda vurğulanıb ki, jurnal məqalə dərc olunmazdan əvvəl FBI-nin mətbuat xidmətindən cavab alıb və qurum bu iddiaların həqiqətə uyğun olmadığını bildirib.
Qeyd edək ki, aprelin 17-də “The Atlantic” mənbələrə istinadən Patelin istefasının mümkünlüyü ilə bağlı yazı dərc etmişdi. Məqalədə onun işə tez-tez gəlmədiyi, xidməti nəqliyyatdan şəxsi məqsədlərlə istifadə etdiyi və alkoqoldan sui-istifadə etdiyi iddia olunurdu. FBI isə bu məlumatları təkzib edib və Patel məhkəməyə müraciət edəcəyini açıqlamışdı.