BAKI, 16 aprel. TELEQRAF
ABŞ-nin energetika naziri Kris Rayt ölkəsinin “soyuq müharibə”dən sonra ən çox nüvə silahı istehsal etdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, o, bu barədə Konqresin Nümayəndələr Palatasının Büdcə Komitəsində keçirilən dinləmələr zamanı danışıb. Nazir bildirib ki, ABŞ Energetika Nazirliyi yanında fəaliyyət göstərən Milli Nüvə Təhlükəsizliyi Administrasiyası (NNSA) yeni və inkişaf edən təhdidlər fonunda təhlükəsiz, etibarlı və effektiv çəkindirmə missiyasını yerinə yetirir.
Onun sözlərinə görə, qurum “soyuq müharibə”dən sonrakı dövrdə ən çox yeni silah tədarük edir. Rayt əlavə edib ki, bu, xüsusilə plutonium nüvələrinin istehsalı və nüvə başlıqlarının modernləşdirilməsi üzrə yeddi proqramın həyata keçirilməsi ilə bağlıdır.
Nazir həmçinin qeyd edib ki, hazırda nüvə renessansı müşahidə olunur.