BAKI, 14 aprel. TELEQRAF

ABŞ-nin Minnesota ştatında federal agentlərin həyata keçirdiyi saxlanma əməliyyatı “adam oğurluğu” ehtimalı ilə araşdırılır.

Teleqraf xəbər verir ki, hadisə Sent-Pol şəhərində baş verib və əməliyyat zamanı yanlış şəxsin saxlanıldığı müəyyən edilib.

Məlumata görə, silahlı federal agentlər evə daxil olaraq bir şəxsi qandallayıb, onu çöldə saxlayıb və daha sonra səhv etdiklərini anlayıblar.

Qeyd olunur ki, Ramsey dairəsinin rəsmiləri agentlərin bu əməliyyat zamanı qanunsuz həbs, evə müdaxilə və adam oğurluğu kimi cinayətlər törətmiş ola biləcəyini açıqlayıblar.

Bildirilir ki, saxlanılan Çonqli “Skott” Tao adlı şəxs əməliyyatın order olmadan həyata keçirildiyini iddia edib. O, bir saat ərzində saxlanıldıqdan sonra sərbəst buraxılıb.

Məlumata görə, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi ittihamları rədd edərək agentlərin qanuni əməliyyat apardığını və təhlükəsizlik qaydalarına uyğun hərəkət etdiyini bildirib.

Qeyd olunur ki, hadisə ABŞ-də miqrasiya siyasəti və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.