BAKI, 12 aprel. TELEQRAF
Kanada "Soyuq müharibə" dövründən bəri yenidən silahlanma prosesinə hazırlaşır və Böyük Britaniyanın rəhbərlik etdiyi Birləşmiş Ekspedisiya Qüvvələrinə (JEF) qoşulma imkanlarını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə "Sky News" telekanalı Kanada ordusunun komandanı general Cenni Kariqanın Londona səfərinin yekunlarına istinadən məlumat yayıb.
General Cenni Kariqan nəşrə müsahibəsində bildirib ki, Rusiya və Şimali Koreyadan gələn təhdidlər ölkəni müdafiə konsepsiyasına yenidən baxmağa məcbur edir: "Dünya dəyişib. Biz daha ənənəvi və irimiqyaslı münaqişələrə hazır olmalıyıq. Bunun üçün bizə fərqli silahlı qüvvələr və fərqli imkanlar lazımdır".
Baş nazir Mark Karninin rəhbərlik etdiyi hökumət təkcə peşəkar hərbçilərin sayını artırmağı deyil, həm də 300 minə qədər mülki şəxsi "strateji rezerv"ə cəlb etməyi planlaşdırır. Bu şəxslər ciddi böhran və ya müharibə vəziyyətində dərhal səfərbər olunmaq üçün xüsusi hazırlıq keçəcəklər.
Ottava xüsusi diqqəti Moskva və Pekinlə rəqabətin artdığı Arktika bölgəsinin müdafiəsinə yönəldib. General Kariqanın fikrincə, JEF-ə üzvlüklə Kanada sualtı infrastruktura və qaz kəmərlərinə qarşı təhdidlərə NATO-nun ümumi konsensusunu gözləmədən, daha operativ reaksiya verə biləcək.
Qeyd edək ki, C.Kariqan hazırda NATO ölkələri arasında Baş Qərargah rəisi vəzifəsini daşıyan yeganə qadın hərbçidir.