BAKI, 12 noyabr. TELEQRAF
“ABŞ Prezidenti Donald Trampın ətrafında demək olar ki, heç kim Vaşinqtonla Moskva arasında münasibətlərin normallaşmasında maraqlı deyil”.
Teleqraf xəbər verir ki, bunu TASS-a ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Dövlət Departamentinin keçmiş əməkdaşı Larri Conson deyib.
Conson ABŞ-Rusiya münasibətlərinin Tramp dövründə normallaşmasının mümkün olub-olmadığı sualına mənfi cavab verib:
“Elə düşünmürəm. Əgər bu yalnız Trampdan asılı olsaydı, yəqin ki, bəli. Amma o, özünü Rusiya ilə münasibətlərin normallaşmasında heç bir marağı olmayan neokonservatorlarla əhatə edib”.
O qeyd edib ki, indiyədək Trampın Moskva ilə münasibətlərdə ciddi niyyətli olduğunu göstərmək üçün addımlar atmağa və ya jestlər etməyə kifayət qədər imkanı olsa da, bunu etməyib.
ABŞ administrasiyasında Rusiya ilə yaxşılaşmağa qarşı çıxan şəxslər sırasında Conson dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və maliyyə naziri Skott Bessentin adlarını çəkib: “İkinci dərəcəli fiqurlar da var, məsələn, Ağ Evin Milli Təhlükəsizlik Şurasının terrorla mübarizə üzrə baş direktoru Sebastyan Qorka”.
Conson əlavə edib ki, Trampın komandasında Rusiya ilə yaxınlaşmanı istəyən yeganə şəxs vitse-prezident Ceyms Devid Vensdir: “Prezidentin xüsusi elçisi Stiven Uitkoffun da rusiyalı həmkarı Kirill Dmitriyevlə yaxşı münasibətləri var”.