BAKI, 17 oktyabr. TELEQRAF
ABŞ-nin Cənub Komandanlığının rəisi admiral Alvin Halsi təyinatından bir il keçməmiş, Pentaqonun Karib dənizində narkotik vasitələrin qanunsuz dövriyyəsi və terrorizmlə mübarizədə apardığı tədbirlər fonunda istefa verdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “The New York Times” (NYT) məlumat yayıb.
Nəşrin yazdığına görə, admiral bu qərarı 37 illik karyerasının ən böyük əməliyyatı zamanı verib. Mənbələr bu addımın “Venesuela ilə real siyasi gərginliyi gizlətdiyini” bildiriblər.
ABŞ Prezidenti Donald Tramp bundan əvvəl ABŞ ordusunun Venesuela sahillərində narkotik ticarəti ilə məşğul olan daha bir gəmini vurduğunu bildirib.
Vaşinqton Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığı ilə mübarizə aparmamaqda ittiham edir. ABŞ Hərbi Dəniz Qüvvələri artıq Karib dənizində beynəlxalq sularda Venesueladan narkotik maddələrin daşınması ilə məşğul olan azı 4 sürətli gəmini məhv edib.
Sentyabrın 23-də BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında Tramp bəyan edib ki, Venesuela narkotik kartelləri ilə əlaqəsi olan gəmilərə hücum davam edəcək. KİV ABŞ-nin yaxın bir neçə həftə ərzində Venesuelada narkotik kartellərinə məxsus hədəfləri vurmağa başlayacağını yazıb.