BAKI, 13 may. TELEQRAF
ABŞ Rusiya ilə sülh razılaşması əldə edildiyi təqdirdə Ukraynada Qərb qoşunlarının yerləşdirilməsi üçün Avropa ilə mümkün variantları müzakirə edir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker jurnalistlər üçün keçirilən onlayn brifinqdə bildirib.
Diplomatın sözlərinə görə, ABŞ və Avropanın gələcək sülh prosesindəki rolu bir-birinə bağlıdır.
"ABŞ öz rolunu oynayacaq, hansı olarsa olsun. Eyni şəkildə Avropanın və müttəfiqlərimizin də rolu olacaq, amma bu məsələlər nəticə etibarilə ABŞ prezidenti [Donald Tramp] tərəfindən qərarlaşdırılacaq", - deyə Uitaker vurğulayıb.
O, danışıqlar zamanı sülh razılaşmasının əldə edilməsi üçün müxtəlif variantların nəzərdən keçirildiyini qeyd edib: "Nəhayət, hər iki tərəf - Rusiya və Ukrayna bu razılaşmanı qəbul etməli və sonra bu razılaşma qorunmalıdır. Avropanın və ABŞ-ın rolu barədə prezident Tramp və komandası ilə danışıqlar aparılır", - deyə o əlavə edib.
Bundan əlavə, Rusiya xarici işlər naziri Sergey Lavrov dəfələrlə bildirmişdi ki, NATO-nun hər hansı bayraq altında və ya hansısa formada Ukraynada qoşunlarının mövcudluğu Rusiyanın təhlükəsizliyinə təhdid olaraq qiymətləndirilir və Moskva bu vəziyyəti heç bir halda qəbul etməyəcək.