BAKI, 21 aprel. TELEQRAF

Tramp administrasiyası Harvard Universitetinə ayrılan maliyyəni daha 1 milyard dollar azaltmağa hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə "Wall Street Journal" öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr bildirib ki, Trampın bu addımı atmasına səbəb universitetin siyasətini dəyişməkdən imtina etməsi göstərilir.

Harvard Universitetinin prezidenti Alan Qarber daha əvvəl demişdi ki, məktəb Tramp administrasiyasının yəhudi tələbələri antisemitizmdən qorumaq üçün siyasətini dəyişdirmək tələblərini qəbul etməyəcək.

Aprelin 15-də Tramp Harvarda siyasi təşkilat kimi yanaşmağı və universiteti vergidən azad statusundan məhrum etməyi təklif edib. Təhsil Departamenti Harvarda 2,2 milyard dollar qrantın və 60 milyon dollarlıq uzunmüddətli müqavilələrin dondurulduğunu elan etdi. Həmçinin bildirilib ki, Amerika administrasiyası bu elit ali təhsil müəssisəsi ilə ümumi məbləği təxminən 9 milyard dollar olan qrant və müqavilələri nəzərdən keçirmək niyyətindədir.