BAKI, 11 may. TELEQRAF
“Hörmüz boğazının bağlanması enerji və gübrə qiymətlərinin kəskin şəkildə artmasına səbəb olub, buna görə də boğaz yenidən məhdudiyyətlər olmadan və tam açılmalıdır”.
Teleqraf xəbər verir ki, bunu BMT baş katibi Antonio Quterreş deyib.
“Hörmüz boğazının bağlanması səbəbindən qiymətlərdə kəskin artım müşahidə edirik, buna görə də onun tam və məhdudiyyətsiz açılmasının mütləq vacib olduğuna inanırıq. Hər iki tərəfi buna çağırırıq. Enerji və gübrə qiymətlərini müharibədən əvvəlki səviyyəyə qaytarmağın yeganə yolu budur”, - Quterreş bildirib.
BMT Baş katibinin sözlərinə görə, bir neçə ölkə artıq gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı riski ilə üzləşib:
“İndi əkin mövsümüdür, gübrənin olmaması gələn il ciddi ərzaq təhlükəsizliyi problemi yarada bilər. Bu, Hörmüz boğazının məhdudiyyətsiz açılmasının bütün beynəlxalq ictimaiyyətin maraqları baxımından vacib olduğu andır”.
Quterreş əlavə edib ki, bir neçə ölkə arasındakı münaqişənin qlobal iqtisadiyyatı sarsıdacaq qədər təsir göstərməsi məntiqsizdir.