BAKI, 26 sentyabr. TELEQRAF
İri qlobal investorların Azərbaycana marağı artmaqda davam edir. Bu gün Bakıda işə başlayan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bu tendensiyanın növbəti təsdiqi oldu. Prezident İlham Əliyevin sistemli və uzaqgörən strategiyası ölkəmizin beynəlxalq kapitalın əsas cəzbetmə mərkəzi kimi mövqelərini möhkəmləndirir. Nəticədə, nəhəng oyunçular Azərbaycanı energetika, infrastruktur, rəqəmsal texnologiyalar, sənaye və digər perspektivli sahələrdə uzunmüddətli layihələr üçün meydança kimi nəzərdən keçirirlər.
Bunu Teleqraf-a Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, Foruma 70 ölkədən 803 nümayəndə daxil olmaqla, 3000-dən çox iştirakçı qeydiyyatdan keçib və beləliklə, dövlət strukturlarının nümayəndələri, qlobal investorlar, biznes liderləri, maliyyə institutları və dünyanın aparıcı analitik mərkəzləri bir araya gəliblər:
"Belə miqyas, forumun açılış günündə Prezident İlham Əliyevin dünyanın ən böyük investisiya şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlər mövcud tərəfdaşlıqların dərinliyini və əhatəliyini bir daha təsdiqləyir.
Dövlət başçısı "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktoru Corc Uolkeri qəbul edib. Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) 2015-ci ildən bəri şirkətlə əməkdaşlıq edir və onun idarəetməsində olan alətlərə – xüsusi kapital, xüsusi borc və birgə investisiya layihələri sahələrinə artıq 775 milyon dollar yönəldib. "Neuberger Berman" 613 milyard dollar aktiv idarə edir və 26 ölkədə fəaliyyət göstərir.
"Brookfield Asset Management" şirkətinin baş icraçı direktoru Konnor Teski ilə də görüş olub. Tərəflər enerji keçidi, bərpa olunan energetika, enerji saxlama sistemləri və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər – bu istiqamətlər Azərbaycanın regional enerji habı kimi mövqeyini gücləndirir. "Brookfield" bir trilyon dollardan çox aktiv idarə edir və bütün dünyada 10 milyondan artıq istehlakçıya xidmət göstərən infrastruktura sahibdir.
Üçüncü görüş "Global Infrastructure Partners" şirkətinin təsisçisi və baş icraçı direktoru Adebayo Oqunlesi ilə keçirilib. ARDNF, "BlackRock" və GIP şirkətini Davosda imzalanmış uzunmüddətli strateji əməkdaşlıq haqqında protokol birləşdirir, Fondun GIP ilə birgə layihələrinə isə artıq İtaliyanın yüksəksürətli qatar operatoru "Italo" və Londonun "Gatwick" hava limanı daxildir. Forumda və onun çərçivəsində təşkil olunmuş İnfrastruktur İnvestisiyaları Dialoqunda 30 trilyon dollar aktiv idarə edən şirkətlər iştirak edirlər.

Forum imzalanmış sənədlərlə öz səmərəliliyini təsdiq edir. Tədbir çərçivəsində Azərbaycan ilə xarici tərəfdaşlar arasında 11 Anlaşma Memorandumu imzalanıb. Onların arasında rəqəmsal iqtisadiyyatın inkişafı sahəsində "Microsoft Romania, Moldova & CIS" ilə əməkdaşlıq, "ROX Group" ilə günəş və külək energetikası layihələri, yeni texnologiyalar əsasında karbid və silisium oksidi istehsalı, "AGROFERT"in iştirakı ilə Ağdamda quşçuluq kompleksinin yaradılması, baytarlıq vaksinlərinin istehsalı və əczaçılıq müəssisəsinin işə salınması yer alır.
Bundan əlavə, Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondu tərəfindən "Azər-Türk Bank"da pay alqı-satqısı üzrə ayrıca saziş, həmçinin SOCAR, ADSEA və "Esyasoft" arasında saziş və Ukrayna ilə investisiyaların təşviqində əməkdaşlığa dair razılaşma rəsmiləşdirilib. İstiqamətlərin siyahısı tikintidən əczaçılığa, su ehtiyatlarından rəqəmsal texnologiyalara qədər genişdir.
Xatırladaq ki, keçən il keçirilən birinci forumda ümumi məbləği 10 milyard dollardan çox olan investisiya sazişləri imzalanmışdı ki, bunun da 7 milyard dollarından çoxu qeyri-neft-qaz sektorunun payına düşmüşdü. Bu, dövlət başçısının həyata keçirdiyi iqtisadi şaxələndirmə siyasətinin real bəhrə verdiyinin birbaşa sübutudur. Bu il gündəlik daha da genişlənib: sənaye, maliyyə, tikinti, süni intellekt, bərpa olunan energetika, kənd təsərrüfatı, su ehtiyatları və idman.
Ardıcıl iqtisadi siyasət və beynəlxalq əməkdaşlığa açıqlıq konkret layihələrə çevrilən maraq formalaşdırır. Forumun əsas məqsədi bu etimadı uzunmüddətli tərəfdaşlığa və real investisiya qərarlarına çevirməkdir.
Bu gün investorlar üçün ölkənin nə dərəcədə etibarlı olduğunu və uzunmüddətli perspektivdə sabit oyun qaydalarına arxalana biləcəklərini başa düşmək xüsusilə vacibdir. Bu fonunda Azərbaycan iri layihələr üçün məhz lazım olan şəraiti təklif edir.
Prezident İlham Əliyev forum iştirakçılarına müraciətində Azərbaycanın təkcə kapital deyil, həm də yeni texnologiyalar, biliklər və müasir həllər cəlb etməkdə maraqlı olduğunu vurğulayıb. Xüsusi diqqət isə yeni iş yerləri yaradan, iqtisadiyyatın səmərəliliyini artırmağa və Azərbaycan şirkətlərinə yeni bazarlara çıxmağa kömək edən istehsal layihələrinə məxsusdur".
Hicran Hüseynova vurğulayıb ki, məhz buna görə də xarici biznes bu gün Azərbaycanda uzunmüddətli əməkdaşlıq üçün getdikcə daha çox imkanlar görür:
"Ölkə investorlara geniş istiqamət seçimi, hazır və müasir infrastruktur və iri regional bazarlara çıxış təklif edir. Qeyd etmək lazımdır ki, Azərbaycanda investorlar üçün imkanlar dairəsi nəzərəçarpacaq dərəcədə genişlənib. Beləliklə, energetika və nəqliyyatla yanaşı, sənaye, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı, bərpa olunan energetika və digər sahələrdə yeni layihələr meydana çıxır.
İri qlobal investorların Azərbaycana artan marağı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin bəhrəsidi. Belə ki, son illər ərzində ölkə iqtisadiyyatını gücləndirib, investorlar üçün yeni imkanlar yaradıb və coğrafi mövqeyindən mühüm üstünlük kimi istifadə edə bilib. Bu gün iri beynəlxalq şirkətlər konkret layihələri və uzunmüddətli əməkdaşlığı müzakirə etmək üçün Bakıya gəlirlər. Bu, dövlət başçısının Azərbaycanın regionun əsas iqtisadi və investisiya mərkəzlərindən biri kimi gücləndirilməsi kursunun əyani nəticəsidir".