Velikorus şovinizmi nədir, unutmusunuzmu? Bu ideologiyanın ağrı-acısına bəlkə hər birimiz tuş gəlməsək də bizim valideynlərin nəsli çox görüb bu basqını - ən azı rus dilini “ikinci ana dilimiz” adlandıranda, ərizəni, izahatı, rəsmi yazışmaları o dildə - hakim millətin dilində aparanda, qurultayı, iclası, rəsmi konsertləri belə rusun ana dilində keçirəndə - yəni çox əvvəllər – sovetin qılıncının dalının da, qabağının da kəsdiyi dövrlərdə.

***

Bu səhnə şedevri də elə həmin dövrün məhsuludu. 1958-ci ildə nəhəng Qara Qarayevin gənc tələbəsi Arif böyük “mavi gözlü dev”in – Nazim Hikmətin “Fərhad və Şirin”ini oxuyanda, sözsüz heç təsəvvürünə də gəlməzdi ki, bu qədim şərq əfsanəsinin musiqi təcəssümü gerçəkdən milli baletimizin incisinə çevriləcək, müəllifin adına şöhrət gətirəcək, məmləkətin şanını dünya səhnələri ilə bir edəcək. Amma oldu. Azərbaycanın xalq artisti, akademik Arif Məlikov “Məhəbbət əfsanəsi” ilə səntkarlığın zirvəsinə ucaldı, balet dünyanın 60 teatrında oynanıldı, düz 50 il ölkələr gəzdi, ulduzlar parlatdı, alqışlar, alqışlar, sürəkli və davamlı alqışlar qazandı.

***

“Məhəbbət əfsanəsi”nin səsi bu dəfə Rusiya paytaxtının məşhur Böyük Teatrından gəldi. Biz, media mənsubları olaraq bu faktı mlli mədəniyyətimizin dəyərli hadisəsi kimi qiymətləndirdik. Premyeraya Bakıdan mötəbər şəxslər dəvət olundular. Balet həmşiəki kimi anşlaqla keçdi. Oktyabrın 24-də təqdim olunan balet düz 6 gün Rusiyanın baş səhnəsində oynanılacaq. Düz 6 gün vicdanlı və sayğıdəyər rus tamaşaçısı iki böyük türkün – Nazim Hikmətlə Arif Məlikovun və bir böyük yəhudinin – baletə ilk quruluş verən 87 yaşlı Yuri Qriqoroviçin zəhmətilə ərsəyə gələn sənət şedevrinə tamaşa edəcək. Rus mədəniyyətinin faydasından danışmaq əvəzinə velikorus şovinizmini niyə xatırladıq ki soruşacaqsınız? Çünki...

***

Rusiyanın 1tv – yəni ORT kanalının ana xəbərinə baxmasydım “Əhsən ruslara” düşünəcəkdim, bizim baletə (bizdən də artıq) necə də yüksək qiymət verirlər. Aydın məsələdir ki, “Bolşoy”un səhnəsində 6 gün sərasər bir əsərin oynanılması triumfdur, başqa şey deyil. Amma və lakin... Rusiyalı həmkarlarımın qeyri-peşəkar təqdimatı əsl həqiqəti aşkar etdi – velikorus şovinizmi hətta ən yüksək sənətkarlıq məqamında belə insanların xırda, cılız millətçilik hisslərindən qurtulmasına imkan vermir, əksinə, bu hissləri daha da qızışdırır, gerçəyi görməzdən gəlir, 25-ci kadr kimi düşüncələrə öz yalan təqdimatını həkk etmək istəyir. Amma necə? Çox gülünc. Efirə gedən 4 dəqiqəlik süjet janr etibarilə xəbərdi, mahiyyət etibarilə gözlərə kül üfürmə, daha dəqiq desək ideoloji savaş sindromu. Süjet baleti bəh-bəhlə tədim edir. Möcüzə adlandırdığı “Məhəbbət əfsanəsi”nin 50 illik uğurlarını sadalayır, yeni tamaşanın məziyyətlərini vurğulayır, sinxronlarla, möhtəşəm, rəngarəng səhnə görüntüləri ilə bahəm. Gəl ki bütün uğur dönə-dönə yalnız bir nəfərin adına yazılır – baletə quruluş verən Qriqoroviçin. Məlumatsız tamaşaçı süjetə baxsa elə belə də başa düşəcək – tamaşanın müəllifi 78 yaşlı Yuri Qriqoroviçdir. Nə bu dəyərli baletin musiqisini yazan bəstəkar Arif Məlikovun adı çəkilir, nə libretto müəllifi Nazim Hikmətin (Şeyx Nizaminin “Xəmsə”sini və Firdovsinin “Şahnamə”sini hələlik qoyaq bir tərəfə). Süjetdə Maya Plisetskaya ilə Maris Liyepadan tutmuş Zaxarovayla Rodkinə qədər hər kəsin adı çəkilir, hörmət və rəğbətlə vurğulanır, tək əsərin əsl müəllifləri olan iki böyük türkdən – Arif Məlikovla Nazim Hikmətdən başqa. Təbii ki, təsadüfi deyil. Təbii ki, qərəzlidir. Təbii ki, velikorus şovinizminin törətdiyi xəstəliyin nəticəsidir. Və daha bir fakt. Sonda – süjetin son kadrında ümumi planda bircə görüntü var – Qriqoroviçlə Arif Məlikov səhnədə tamaşaçı alqışlarına minnətdarlıq duruşundadır. Bu isə artıq jurnalist qeyri-peşəkarlığı, efir materialına savadsız yanaşmadır. Əsas adamın görüntüsü (1-2 saniyə olsa belə) gedir, adı isə yoxdur, yəni məxfi anonim bir kadr. Lap 25-ci kadr kimi. Bu kadrla da tamaşa bitir və “xəbərlər”, daha doğrusu xəbər savaşı, informasiya müharibəsi başlanır. Artıq Rusiyanın baş kanalının qələm adamları - şovinist savaşın döyüşçüləri qismində. Fakt təhrif olunur, həqiqət barədə danışılmır, sadəcə sükut. Dadı bizim, adı başqalarının. Bax belə.

***

Bəyənmədiyimiz Vladimir Leninin belə bir şüarı vardı – “Böyük vətən şovinizminə qarşı – döyüş!”. Zinovyev daha bir addım irəli gedib də “rus şovinizminin başını kəsmək lazımdır”,- demişdi. İndi həmin şovinizmin haqqımızı tapdalayan bu nümunəsinə bizim haqqı tapdanan səntkarımız – Arif Məlikov, və ya Müəllif Hüquqları Agentliyi, lap elə Mədəniyyət Nazirliyi nə deyəcək, necə deyəcək – hələ bəlli deyil. Gözləyək görək.

Afaq Vasifqızı