BAKI, 21 may. TELEQRAF
Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar Şamaxı, Şəki və Qəbələdə yerləşən mühüm mədəni, tarixi və elmi məkanlara səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə Hindistanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, səfərlər Hindistan və Azərbaycan arasında mövcud olan güclü mədəni bağlılığı və xalqlar arasında inkişaf edən əlaqələri bir daha nümayiş etdirib.
Səfər çərçivəsində diplomat ilk olaraq Qobustan rayonunda yerləşən Diri Baba türbəsini ziyarət edib.
Burada abidənin direktoru Yusif Nazim Ərəbsoy ilə görüşən səfir türbənin tarixi, mədəni və mənəvi əhəmiyyəti barədə məlumat alıb. Görüş zamanı hər iki ölkədə tarixi irsə və mənəvi dəyərlərə göstərilən ortaq ehtiram vurğulanıb.
Şəkidə səfir Şəki Tarix-Diyarşünaslıq Muzeyini və Mirzə Fətəli Axundovun Ev-Muzeyini ziyarət edib.
Muzey direktorları Vüqar Mustafayev və Ulduz Xəlilova ilə görüş zamanı diplomat Azərbaycanın zəngin tarixi, ədəbi və etnoqrafik irsi, həmçinin görkəmli şəxsiyyətlərin fəaliyyəti ilə yaxından tanış olub.
Daha sonra diplomat “ABAD” Keramika və Tətbiqi Sənəti Mərkəzində, eləcə də Şəki Şəbəkə Emalatxanasında yerli sənətkarlarla görüşüb, keramika, xalçaçılıq və şəbəkə sənəti kimi ənənəvi sənət növləri ilə maraqlanıb. Görüşlərdə Hindistan və Azərbaycan sənətkarları arasında əməkdaşlıq və təcrübə mübadiləsi imkanları müzakirə olunub, iki ölkənin sənətkarlıq ənənələri arasında oxşarlıqlar qeyd edilib.
Səfər proqramına YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Şəki Xan Sarayının ziyarəti də daxil olub.
Diplomata XVIII əsr saray memarlığının nadir nümunələrindən sayılan abidənin tarixi və memarlıq xüsusiyyətləri, xüsusilə şəbəkə pəncərələri və zəngin bəzəkləri barədə məlumat verilib.
Səfir daha sonra Şəki Dövlət Rəsm Qalereyasını ziyarət edib və direktor müavini Sevda Məmmədova ilə görüşüb. 1895-ci ildə inşa olunan, 1982-ci ildən fəaliyyət göstərən qalereyada nümayiş etdirilən rəsm əsərləri, heykəllər, qrafik işlər və dekorativ-tətbiqi sənət nümunələri ilə tanış olub. Burada aparılan bərpa işləri və tematik sərgi zalları haqqında da məlumat təqdim edilib.
Qəbələdə isə səfir Abhay Kumar Qəbələ Arxeoloji Mərkəzini, Dövlət Tarix-Bədii Qoruğunu və qədim Kabalaka şəhər yerini ziyarət edib. Mərkəzin rəhbərliyi diplomatla görüş zamanı Qəbələnin 2500 illik tarixi, Qafqaz Albaniyasının paytaxtı kimi rolu və aparılan arxeoloji tədqiqatlar barədə məlumat verib.
Səfərlər zamanı iki xalq arasında mövcud olan mədəni və insani bağlar da xüsusi vurğulanıb.
Qeyd olunub ki, Azərbaycanda müxtəlif nəsillər hind filmləri ilə böyüyüb və bu gün də hind kinosuna, musiqisinə və rəqslərinə böyük maraq var. Yerli sakinlər Rac Kapur, Hema Malini, Amitabh Baççan və Şahrux Xan kimi məşhur hind kino ulduzlarını sevgi ilə xatırlayıblar. Bir sıra məkanlarda hind musiqiləri səsləndirilib, rəqs nümunələri nümayiş olunub ki, bu da Hindistan mədəniyyətinin Azərbaycandakı populyarlığını göstərib.
Səfir həmçinin bildirib ki, Azərbaycanda gündəlik istifadə olunan bəzi sözlər hindistanlılar üçün də tanış səslənir və bu, xalqlar arasında tarixi-mədəni əlaqələrin göstəricisidir.