Bu xəbər haradan çıxdı? Cəmiyyətin reaksiyasından.

***

Xeyir işlərin birində, 4-5 evdar xanımın əhatəsindəyəm. Həmsöhbətim aparıcıların biri barədə xəbər alır:
(üzünü mənə tutaraq utana-utana)
- də boşanıb?
(rəfiqəsi onu dümsükləyərək)
- Yox, ay qız, Allah eləməsin!
(mən ikisinə də sakit və net şəkildə)
- Hə, boşanıb. Burada nə var ki? Gicin biriylə ömrünü çürütməkdən boşanmaq yaxşıdır.
Bizim toplum hələ də xoşbəxtliyi yalnız boşanmamaqda görür. İt olsun, qurd olsun, gün verməsin, eyb etməz, təki ər olsun, deməsinlər ki, filankəs boşanıb. Bərəkallah belə əxlaq sahiblərinə!

***

Günün birində sadəcə istəyir ki, nə dava-dalaş olsun, nə hay-küylü əmlak bölgüsü, heç yas da düşməsin, problem ölümsüz-itimsiz həll olunsun. Eynən Afaq Məsudun “Qəza”sındakı kimi. Həyat yoldaşı getsin və gəlməsin, geri dönməsin. Amma ölməsin də. Kiminsə ölümünü arzulamaq günahdı. Həm də müəmmalı ölüm sorğu-sual, çək-çevirlə də müşayiət oluna bilər. Daha rahat üsul varkən... Sadəcə birdən-birə yoxa çıxsın, olmasın. O yoxa çıxmaqla problem həll olunacaq. Eyni fikir qadının da ağlına gələ bilir, kişinin də. Təbii, söhbət xoşbəxt olmayan, sadəcə kənardan xoşbəxtsayaq görünən ailələrdən gedir. İnsanlar görüntü üçün yaşamaqdan bezəndə bax belə sarsaq fikirlər də gəlir ağıllarına. Bəlkə də dözümsüzlük şəraiti üçün sarsaq fikir də sayılmaz. Malesef. Amma bu, bir gerçək. Arzu - birinin yoxa çıxmasıdır.

***

“Yoxa çıxmış qadın”da hər şey tərs-məzhəb, hər şey baş-ayaqdır. Çünki bu, Devid Finçerin “Yoxa çıxmış qadın”ıdır. O Finçerin ki, yaratdığı ekran əsərlərinə görə onu kinonun üsyançısı, kinoda yeni yollar axtaran birisi kimi tanıyırlar. Kinomanların böyük əksəriyyəti bu rejissorun dəst-xəttinə heyrandır. “Yeddi”, “Özgə”, “Əjdaha tatuajlı qız” filmləri kimi “Yoxa çıxmış qadın”da da hadisələr çox gərgin, çox dramatikdir. O qədər ki, fikrin bir an belə ekrandan yayınmır. Film detektiv janrındadır. Amma Finçer ola və janr özəlliklərini qoruya - mümkün olan iş deyil. Filmin ana xətti cinayət və cəza üzərində qurulduğundan süjet barədə heç nə deməyəcəyəm. Ki, gedib özünüz baxasınız. Amma “Yoxa çıxmış qadın”ın real nəticələri, konkret mesajları var.

***

Dövrümüzün hadisələridi ekranda görünən. Amerika həyatıdı, amma fərqi nə? 21-ci əsr elə burada da okeanın o üzündəki kimidir - hər şey informasiyadan asılı, hər şey təqdimata bağlı. Kiçicik bir fərqlə. Fərqli olmayan bu ki, bugün hər yerdə birinci qılınc da, elə birinci qalxan da məhz informasiyadır. Fimdə bu gerçək bir daha təsdiq olunur. Eyni hadisəyə münasibət saatbasaat dəyişir. Səbəb - yalnız təqdim olunan informasiyadır. O məkanda informasiya ictimai rəy yaradır, ictimai rəy ictimai şüura təsir edir, zəncirvari reaksiya baş verir, sonucda ictimai şüur hər şeyi istədiyi səmtə yönəldə bilir. Bizdə belə deyil. Bizdə hadisə heç ictimai rəy də yaratmır, olsa-olsa ucuz tok-şouların müzakirə predmetinə dönür, ekranlardan evlərə adlayır, insanların qeybət mövzusuna çevrilir. Və söz-söhbət çox uzansa sosial şəbəkələrə keçir. Amma nə ictimai qınaq? Nə ictimai şüur? Nə təsir? Bunların heç biri hələ qərbdəki səviyyədə deyil. Bəlkə o üzdən “Yoxa çıxmış qadın”dakı hadisələrin gedişatını ilk baxışdan gerçək kimi qəbul edə bilmirik. Ekrandan səslənən fikir bu qədərmi önəmli? Demə, məhz elə imiş. Orada. Amerikada.

***

İnformasiya hər şeyi həll edir. Bir göz qırpımında qalibi məğluba, günahsızı günahkara çevirir. Və bu dünyada heç nə boş yerə baş vermir, səbəbsiz olmur. Və qarşılaşdığın hər pis hadisədə də öz günahını ara - gör nə zaman harada nə eləmisən. Həyat ilahi ədalətə əsaslanan bumeranq prinsipi ilə işləyir. Səni incidən varsa, bil, mütləq kimisə incitmisən. Xoş hadisələr ara vermədən davam edirsə, əmin ol, kimlərəsə əməlli yaxşılıqların keçib. İlahi ədalət sadəcə qarşılığını qaytarır.

***

Filmin sonluğu lap gözlənilməz və tamamilə məntiqsizdir. İki saat yarım davam edən gərginlik ağlabatmaz hadisə ilə sonuclanır. Bu sonluq əslində sonluq da deyil - hər şeyin hələ yenə davam edəcəyinin göstəricisidi. Yenə nifrət, yenə ölüb öldürmək təhlükəsi və yenə birgəyaşayış. Əgər buna yaşayış demək də mümkündürsə.

***

Amma bəzən tək filmdə yox, elə həyatda da belə olur. Yaşamaq istəmirlər, di gəl boşanmağa da cəsarətləri çatmır. Xoşbəxt deyilsinizsə, boşanmaqdan çəkinməyin. Bəlkə xoşbəxtlik elə orada - qapının o üzündədir?