Bəzən zamanı elə bu məqamdaca durdurub saxlamaq lazım. Sevginin şirin-şəkər, konfet mərhələsində. Ki ruhsal buluşma cinsəl əlaqələrə çevrilincə münasibətlərin adiləşdiyini görməyəsən. Sevgi, bəlkə, elə bu mərhələdəcə bitib getsə yaxşıdı? Xoş xatirə şəklində.. na-xoş olay səviyyəsinə enmədən. Sonradan günlər illərlə əvəzləndikcə sevgini zərif işartı kimi xatırlamaq üçün.. Ya da yox? Əksinə, yaşamaq, yaşamaq, yaşamaq sevgini - dəlicə, çılğınca yaşamaq, xəyalasığmaz bir duyğuyla, ağlını itirincə, özünü unudunca yaşamaq...

***

Yayda qış nağılı axtaranlar da, heç şübhəsiz, belə bir sevginin tamaşasına duracaqlarını, ekranı çuğlayan möhtəşəm hisslərə şərik olacaqlarını güman edirdilər. Amma nahaq.

Deyirlər, insan bir ya iki, üç ya dörd, bəlkə, daha çox sevgi yaşayır - bilmirəm. Hər kəsin həyatı və həyat tərzi, taleyi və qisməti, həm də həyata münasibətilə şərtlənir bu say. Bir də kim deyir ki, niyə gəlib nədən getdiyimizi anlamadığımız bu həyatda başımıza gələnləri anlayır, əməllərimizi dərk edir, duyğularımızı cilovlaya bilirik? Yox, təbii. Fatalizmi bəzən qəbul etməsək, bəzən ipiri dünyada özümüzün də nələrəsə qadir olduğumuzu güman etsək belə - aydın məsələdir - nə baş verirsə bizdən asılı olmayan səbəblərdən, bizim istək və iradəmizə tabe olmadan baş verir. Bu mənada, təsadüflər sadəcə tanrı istəyidir, olacaqlar göylərin istiqamətləndirdiyi qaçılmaz prosesdir. Bu prosesdən sevgi doğacaqsa - nə gözəl...

***

Orijinalda “Qış nağılı” kimi təqdim olunan bu ekran əsərinə rus dublyajı nədənsə başqa ad verib - “Zamanı adlayan sevgi”.

Bir neçə il əvvəl Mark Helprinin “Qış nağılı” romanı ustad Martin Skorsezenin əlinə keçir. As rejissor romana valeh olur, oxuduğu sevgi hekayəti əsasında film çəkmək ürəyindən keçsə belə tez də qərar verir - bu əsəri ekranlaşdırmaq mümkün deyil. Slorsezenin qənaəti belə olur. Başqa birisi -"Oskar"lı ssenarist Akiva Qoldsman isə rejissor debütünü məhz bu filmlə edir. Amerika kinosunun ünlü sənətkarının qərarına qarşı çıxmağa cürət edir. Bəs nəticə? Bu cəsarət özünü doğruldurmu? Yox. Tam yox. Heç də yox.

***

O dəhşətli hadisələrdə - 2012-nin oktyabrındakı Sendi tufanında 148 nəfər həlak oldu, 21 nəfər itkin düşdü. BMT-nin mənzil qərargahı bir sutkalıq bağlandı. Nyu-Yorkun fond birjası iki gün işləmədi. Baham adalarında məktəblər, ofislər, hava limanları dayandı. Barak Obamanın seçki kampaniyasını saxladılar. Daşqınlar, yanğınlar, evakuasiyalar. O ara haqqında danışdığım filmin çəkilişinə də fasilə verdilər. Bir müddətlik. Sonra yenə hər şey yoluna düşüncə çəkiliş qrupu işini davam etdirdi. Bəlkə də, belə bir mənasız nəticə alacaqlarını öncədən bilsəydilər, heç işi başa çatdırmaz, yarımçıq qoyub dağılışardılar.

***

Son dərəcə yaraşıqlı və xarizmatik Kolin Farrel (siz onun Makedoniyalı İsgəndər obrazını, yəqin ki, xatırlayırsınız), həmçinin heç bir təqdimata ehtiyacları olmayan Rassel Krou və Uill Smit. Üç nəhəng aktyor və uğursuz sevgi romanı? Səbəb? Sadəcə yaradıcı heyətin hazırlıqsızlığı, ilk növbədə də maraqsız rejissor yorumu. Üç nəhəng sima ola-ola səhv yorum gözgörəsi qüsurlarla müşayiət olunub. Xronoloji uyğunsuzluq, geyim və dekorasiya qüsuru, nəhayət, sevgi hekayətinin qeyri-duyğusal təqdimatı. Ara-sıra gözəl görüntüləri seyr etməkdən zövq alsan belə, filmə baxdıqca daha çox qüsurları görür, səhvləri işarələyirsən. Və bu qüsurlu ekran əsərinə düz 46 milyon dollar xərclənib. İlkin razılaşmaya görə, 70 milyonluq müqavilə imzalansa da, işin gedişatında məsrəflər 46 milyona salınıb. Amma bir elə pulu belə film üçün necə göyə sovurmaq olar? Bu sual cavabsızdır.

***

“Zamanı adlayan sevgi” əslində bir sevgi əfsanəsidi. Yəni plana görə sevgi əfsanəsi olmalıydı. Olmadı amma. Ən qəribə və izaholunmaz hisslər, ruhu tərpədən təlatümlü məqamlar yaşamaq həvəsilə qətiyyən bu filmə baxmağa dəyməz. Gözləntilər özünü doğrultmayacaq. Ruhunuz təzələnsin istəyirsinizsə, film-filan aramayın - içinizdə pərvəriş tapan hisslərə tumar çəkin, toz basmış duyğularınızı tərpədib oyadın - sevginin konfet mərhələsini yaşayın. Kim deyir ki mümkün deyil? Mümkündü!