BAKI, 21 may. TELEQRAF

Bir tərəfdən, ümumilikdə inkişafın maliyyələşdirilməsi kimi böyük bir çağırış var, digər tərəfdən isə konkret olaraq həm fərdlər üçün, həm də infrastrukturla əlaqəli şəkildə mənzilin maliyyələşdirilməsi üzərində işləyirik. Çünki mənzil üçün şəhər infrastrukturu da lazımdır.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən “Mənzil maliyyələşdirməsi üçün yeni razılaşma” adlı tədbirdə çıxışında deyib.

O qeyd edib ki, milli hökumətin və submilli, yəni yerli hökumətlərin rolunu dəqiq müəyyənləşdirmək vacibdir:

“Böyük maliyyə resursları adətən milli səviyyədə olur və mənzil çox bahalı sahədir. Bu, təkcə bəzi ölkələrin deyil, bütün ölkələrin problemidir. Dünyanın bütün ölkələrində mənzil üçün hansısa təşviq və ya subsidiya mexanizmi mövcuddur. Çünki bu planetdə subsidiya olmadan mənzil istehsal edilmir. Əlbəttə, cəmiyyətin bəzi təbəqələrinin subsidiyaya ehtiyacı olmur, amma əksəriyyətin müəyyən dəstəyə ehtiyacı var. Gəlirlə mənzil qiyməti arasında fərq nə qədər böyükdürsə, subsidiyaya ehtiyac da bir o qədər artır. Bu, xüsusilə Qlobal Cənub ölkələri üçün xarakterikdir, çünki maaşlar mənzil qiymətləri ilə müqayisədə çox aşağıdır.

Bununla yanaşı, yerli hökumətin də mühüm rolu var. Strateji planımızda şəhərsalma və maliyyə, eləcə də çoxsəviyyəli idarəetmə məsələlərinə toxunuruq. Yerli hökumətin maliyyə muxtariyyətinin və maliyyə imkanlarının olması niyə vacibdir? Çünki mənzilə aid olan bütün digər xidmətləri bir-birinə bağlamaq məhz yerli hökumətin üzərinə düşür. Biz sadəcə ev tikmirik, yaşayış mühiti qururuq”.