BAKI, 21 may. TELEQRAF
“Şəhərlərin inkişafı zamanı yalnız yeni binaların tikintisinə deyil, mövcud tarixi mühitin və məhəllələrin qorunmasına da diqqət yetirilməlidir”.
Teleqraf xəbər verir ki, ADA Universitetinin Dizayn və Memarlıq Fakültəsinin dekan müavini Nora Lombardini WUF13 çərçivəsində keçirilən “Mənzil və təhsil” panelində tarixi irsin qorunmasının vacibliyindən danışıb.
Onun sözlərinə görə, XIX əsrin sonlarında Avropada, xüsusilə Paris, Vyana və Romada aparılan şəhər transformasiyaları zamanı bir çox tarixi tikililər sökülsə də, sonradan bunun mədəni irsin itirilməsi olduğu anlaşıldı:
“Tarixi binaların qorunması üçün yalnız tikinti strategiyaları kifayət deyil, eyni zamanda maliyyə dəstəyi və düzgün idarəetmə mexanizmləri də vacibdir. Şəhərlərin yenilənməsi zamanı tarixi abidələrin ətraf mühiti və memarlıq balansı qorunmalıdır.
Memarlıq və şəhərsalma təhsilində tələbələrə yalnız texniki biliklər deyil, mədəni irsin qorunması, bərpa işləri və bu sahənin sosial əhəmiyyəti də öyrədilməlidir. Bərpa və qoruma işləri həm peşəkar bacarıqların, həm də tikinti sənayesinin inkişafına töhfə verir”.