BAKI, 21 may. TELEQRAF

"İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa prosesi yalnız şəhərlərin yenidən qurulmasını deyil, həm də dayanıqlı və gələcəyə hazır icmaların formalaşdırılmasını hədəfləyir".

Teleqraf xəbər verir ki, bunu Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində deyib.

O bildirib ki, bərpa prosesində məcburi köçkünlərin, yerli sakinlərin, qadınların, gənclərin və həssas qrupların iştirakına xüsusi önəm verilir:

“Uğurlu reinteqrasiya yalnız tikilən evlərin sayı ilə deyil, insanların özlərini doğma yurda qayıtmış hiss etməsi ilə ölçülür”.

O əlavə edib ki, münaqişə və iqlim dəyişikliklərinin təsiri altında olan dünyada mənzil məsələsi humanitar deyil, uzunmüddətli sabitlik və dayanıqlılıq üçün strateji məsələ kimi qiymətləndirilməlidir.