BAKI, 21 may. TELEQRAF

Hazırda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) idarə etdiyi vəsait 2 milyard ABŞ dollarından çoxdur.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın maliyyə nazirinin birinci müavini Anar Kərimov WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Razılaşma” adlı tədbirdə çıxışında deyib.

O bildirib ki, ipoteka müqaviləs modelinin əsas üstünlüyü ondan ibarətdir ki, burada həm dövlət dəstəyi, həm də kapital bazarlarının maliyyələşməsi birləşdirilib:

“Çünki məsələ təkcə maliyyə deyil, həm də idarəetmədir. Bir tərəfdən dövlət həssas qruplar üçün güzəştli sosial ipoteka təqdim edir, digər tərəfdən isə daxili kapital bazarında istiqraz buraxılışı həyata keçirilir. Bu balans çox vacibdir. Standart ipoteka kreditləri vətəndaşlar üçün əlçatandır, eyni zamanda qaçqınlar, məcburi köçkünlər, hərbi qulluqçular, sosial əhəmiyyətli peşə sahibləri – müəllimlər və müharibədən qayıdan şəxslərin ailələri kimi həssas qruplar üçün güzəştli mənzil imkanları mövcuddur.

Əsas transformasiyalardan biri də rəqəmsallaşmadır. Çünki məsələ yalnız maliyyələşmə deyil, həm də idarəetmədir. Azərbaycanda mənzil maliyyələşdirmə prosesləri tam elektronlaşdırılıb. Müraciətlər, yoxlamalar, təsdiqlər – bütün mərhələlər elektron hökumət sistemi vasitəsilə rəqəmsal şəkildə həyata keçirilir”.