BAKI, 21 may. TELEQRAF

"Qaçqın və məcburi köçkünlər üçün mənzil təminatı böhrandan sonrakı bərpa prosesinin əsas elementi hesab olunur".

Teleqraf xəbər verir ki, bunu BMT-nin qaçqınlarla iş üzrə Ali Komissarlığının nümayəndəsi Bərham Salih Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Mənzil böhrandan sonrakı bərpa və yenidənqurmanın əsası kimi” mövzusuna həsr olunmuş tədbirdə bildirib.

O qeyd edib ki, müvəqqəti sığınacaqlar uzunmüddətli qeyri-müəyyənlik yaratdığından, insanların normal həyata qayıdışı üçün davamlı mənzil həlləri vacibdir.

“Qaçqınların mənzil, torpaq və hüquqi sənədlərə çıxışının təmin edilməsi onların cəmiyyətə inteqrasiyasını və iqtisadi fəallığını artırır”.

Onun sözlərinə görə, şəhərlər artan köç axını fonunda mənzil və infrastruktur təzyiqi ilə üzləşir və bu səbəbdən yerli hakimiyyət orqanlarının maliyyə və institusional dəstəklə təmin olunması zəruridir.

BMT rəsmisi əlavə edib ki, böhranlara cavab olaraq qısamüddətli sığınacaq yanaşmasından uzunmüddətli və inklüziv mənzil siyasətinə keçid sürətləndirilməlidir.