BAKI, 21 may. TELEQRAF
Sosial şəbəkələrdə və mayın 20-də Loridə seçiciləri ilə görüşdə Ermənistan Baş naziri Nikol Paşinyanı təhdid edən separatçı Artur Osipyan saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barəd Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Müvafiq cinayət işi üzrə ilkin istintaq zamanı müəyyən edilib ki, A.O. 2026-cı il martın 22-də informasiya və kommunikasiya texnologiyalarından istifadə edərək, öz Feysbuk hesabı vasitəsilə siyasi baxışlardan irəli gələn motivlə açıq paylaşımlar edib və bu yolla Ermənistanın Baş nazirinə qarşı birbaşa zorakılıq tətbiqinə açıq çağırışlar səsləndirib.
Həmçinin o, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki kampaniyasına mane olmaqda və vətəndaşları təhqir etməkdə ittiham edilib.
A.O.-ya qarşı Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb.

Xatırladaq ki, mayın 20-də seçicilərlə görüş zamanı Nikol Paşinyanla Artur Osipyan arasında mübahisə yaşanmışdı.
Ermənistan Baş naziri separatçının təhdidlərinə belə cavab vermişdi:
“Ay fərarilər, sizin ümumiyyətlə burada nə işiniz var, burada nə edirsiniz? Bunlar kimdir axı, gəlib mənə barmaq silkələyirlər? Qarabağın qondarma elitası, hamınız buradan rədd olun. Siz kimsiniz axı? Buna bax, deyir, adım Artur Osipyandır. Gedib başınızı divara vurun, övladlarımızın yerinə siz ölməli idiniz.
Talançı heyvanlar. Siz Qarabağ ermənilərini də girov götürmüşdünüz, bəli girov götürmüşdünüz. İndi gəlib Qarabağ məsələsini qaldırırsınız. Əgər belə Qarabağ istəyirdinizsə, gedib ölərdiniz də. Niyə yaşayırsınız? Bax, siz, sən niyə yaşayırsan? İndi də gəlib mənimlə beş min nəfər qurban barədə danışırsan, ay alçaq, niyə yaşayırsan? Bəs Şahramanyan niyə yaşayır? Hələ o biriləri demirəm. İndi sizin “parlament”də “deputat” hesab olanlar nə üçün yaşayırlar? Niyə ölməyiblər? İndi gəlib deyirlər ki, beş min qurban gedib. Bəs siz niyə ölmədiniz? Sizi kim qoruyub-saxlayır, ay şərəfsizlər?
Qondarma Qarabağ elitasından heç kim deməsin ki, bəs Qarabağ məsələsi filan... İndi Ermənistanda Qarabağın “parlament və hökuməti” var. Hamısını qazıb kökündən atacağam. Mübarizəni vaxtında aparardınız, ay fərarilər, indi yox, artıq mübarizə vaxtı deyil. Bax, konkret bununkimilər (Artur Osipyanı deyir – red.), gəlib burada mənə barmaq silkələməyə cəsarət etməyin.
Köçəryan, Sərkisyan, Karapetyan və Sarukyanın rəhbərlik etdiyi qondarma Qarabağ elitasına deyirəm: kökünüzü kəsəcəyəm. Alçaqlar, niyə yaşayırsınız? Niyə hələ də yaşadığınızı açıqlayın. Hələ üstümə gəlib beş min qurbandan danışırsınız. O beş min qurban niyə oldu? Siz niyə onların içində deyilsiniz, ay alçaqlar? İndi Osipyan deyir ki, sən gərək məni... Sən kimsən axı, sən kimsən ki, mən səni tanımalıyam?”.