BAKI, 21 may. TELEQRAF
"Torpaq mənzil dəyər zəncirində ən bahalı komponentdir. Ona görə də cəmiyyətin bu məsələlərə dəstəyi çox vacibdir. Torpaq fundamental amildir, bahalıdır və getdikcə daha da bahalaşır".
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax WUF13 çərçivəsində keçirilən “Mənzil maliyyələşdirməsi üçün yeni razılaşma” adlı tədbirdə çıxışında deyib.
O qeyd edib ki, inteqrasiyadan, seqreqasiyanın aradan qaldırılmasından danışılırsa, mərkəzi ərazilərdə tikinti daha baha başa gəlir:
“Buna görə də evlərin harada tikiləcəyini planlaşdırmağa, torpağı əvvəlcədən ayırmağa, istifadə olunmayan sahələrdən yararlanmağa və yenidən istifadə imkanlarını nəzərdən keçirməyə kömək edən planlaşdırma alətləri və torpaq siyasətləri lazımdır. Bütün bunlar xərclərə təsir göstərir. Əgər dövlət torpağından istifadə edə bilirəmsə, torpaq faktiki olaraq pulsuz olur və bu da orta hesabla problemin yarısını həll edir. Əgər belə imkan yoxdursa, o zaman özəl torpaqla işləməliyik və bunun da müxtəlif mexanizmləri var”.