BAKI, 26 noyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonu, Yuxarı Salahlı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Teleqraf xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evinin həyətyanı sahəsində ümumi sahəsi 20 kv.m. olan köməkçi tikilidə yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən edilib.

Partlayış nəticəsində tikiliyə ziyan dəyib, 2 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.